Bu gün doğum günündür sənin! Bu gün sənin xətrinə dəyməyəcəyəm. Dostum www.facebook.com-da  mesaj yazaraq xahiş edib. Əslində günün bitməyinə elə də çox qalmayıb. Əslində “Sənin doğum gününü qeyd edirəmmi?” sualı deşir beynimi. Yenə başımı nə ilə isə qatıb, səni yada salmayım gərək… Amma alınmır…

Bilirsənmi, nəyə bənzəyir taleyin sənin?

Neçə illərdən bəri övladı olmayan ailədə körpə doğulur, min bir naz-nemətlə qeyd edirlər. Deyək ki, 28 Mayda doğulur bu körpə. Çevik, ağıllı və yaşıdlarından fərqli fikirlərinə görə seçilən biri olur.  Azad, müstəqil qərarlar qəbul edir. Və günlərin bir günü, 2 yaşında olarkən, qonşuluqdakı uşaqlarla oynayan zaman çərhovuzun dayaz, amma bir o qədər də dərin suyunda boğulur…

Hmm… Heç nə əvvəl kimi olmur, daha valideyn əlləri göyləri cızmır duaları ilə, daha borc alıb nəzir verilmir…Nə az, nə çox, 7 (0) il belə keçir…

…Və müasir texnologiyanın köməyi ilə – olsun lap süni mayalanma – ananın bətnində körpə tərpənişi hiss olunur… Deyək ki, oktyabrın 18-də doğulur bu körpə.  Amma beyinlər hər mayın 28-i sızlayır. Və heç bir təm-taraq da görmür oktyabrın yetirməsi… Ana-ata qayğısından da payına azacıq düşür. Qəlblərindəki qəhər də, sevgilərini yeni doğulmuşla bölüşməyə izin vermir…

Anamın yaxşı bir misalı var: Ata və ana sevgisindən məhrum olmuş insanların ürəyini sonradan sevgilə isitmək olmur…

Həə, bu uşaq hələ də –  18 yaşına kimi özünü təsdiq edə bilmir, əksinə mənəvi cəhətdən sarsılmış biri kimi böyüyür. İnsanları incitməkdən zövq alır… Azad olmur, əksinə, azadlığı alınır…

Heç oxşarlıq tapdınmı? Hmmm… Sən də mənə bu gün, O GÜN doğulduğun qədər əziz deyilsən… O zamanın “SƏN”inin mayasında daha çox inam və sevgi vardı…O zamanlar SƏN daha Müstəqil idin. O zaman sən ehtiyac, sabaha ümid idin. İndisə hansısa planın yetirməsi…

Səni məhz 28 Mayla sevdim, Səni məhz 28 Mayda sevdim.

…O zaman səndən azadlıq iyi gəlirdi…

İndi isə cinayət…

18.10.2009

Vüsalə Əlibəyli

Advertisements